Son bir ildə Rusiyadan Türkiyəyə 100 min miqrant gəlib  

09:15 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2022-ci il Beynəlxalq Miqrasiya Statistikasına görə, Türkiyədən xaricə miqrasiya edənlərin sayı əvvəlki ilə nisbətən 62,3 faiz artarkən, xaricdən gələnlərin sayı isə 33,2 faiz azalıb.

Hafta.az-ın yazdığına görə, 2022-ci ildə ölkəyə gələn xarici vətəndaşlar arasında Rusiya vətəndaşları 25 faizlə birinci yerdə olub. Bu ölkəni 8,1 faizlə Ukrayna, 6,5 faizlə İran, 5,4 faizlə Əfqanıstan və 4,8 faizlə İraq izləyib.

Rusiya mətbuatında əks olunan məlumatlara görə, 2022-ci ildə cəmi 99786 Rusiya vətəndaşı Türkiyəyə köçüb. Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur. 2021-ci ildə Türkiyəyə 31463 Rusiya vətəndaşı köç edib.

Türkiyədən köçən əcnəbilər arasında 20 faizlə İraq vətəndaşları birinci yeri tutub. Bunu 10,6 faizlə İran, 7 faizlə Özbəkistan, 6 faizlə Əfqanıstan və 4,8 faizlə Türkmənistan vətəndaşları izləyib.

TÜİK-in statistikasına yalnız Türkiyəyə yaşamaq üçün gələnlər və xaricə yaşamaq üçün gedənlər daxildir.

Gələn və gedən miqrasiya nümunələri araşdırıldığında ən çox hərəkətlilik 25-29 yaş qrupunda təsbit edilir. Türkiyəyə köçənlərin yüzdə 12,2-si bu yaş qrupunda olduğu halda, xaricə köç edənlər qrupunda bu nisbət 15,8 faizdir. Hər iki kateqoriyada bu yaş qrupunu 20-24 yaş qrupu izləyib.

2022-ci ildə Türkiyəyə gələn əcnəbilərin vilayətlərə görə bölgüsü təhlil edildikdə, İstanbulun 35,4 faizlə ən çox immiqrant qəbul edən şəhər olduğu üzə çıxıb. İstanbulu Antalya, Ankara, Bursa və Mersin izləyir.